MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyası daim diqqət mərkəzində saxlanılır, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının mənalı təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Əlamətdar günlərdə sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə görüşlərin, bayram şənliklərinin keçirilməsi istiqamətində də mütəmadi tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə dekabrın 29 Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Yeni il şənliyi keçirilib. Bayram tədbirində Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə alan və Regional İnformasiya Mərkəzində tədrisə cəlb edilən 18 yaşınadək sağlamlıq imkanları məhdud 30 uşaq iştirak edib.

Tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukula Teatrının aktyorları „Nəğməkar bülbül“ tamaşasından bir hissə və şən mahnılar ifa ediblər. Şənlikdə iştirak edən Şaxta baba, Qar qız və məzhəkəçi uşaqları əyləndiriblər.  Uşaqlar rəqs edib, şən nəğmələr səsləndiriblər.

Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.       

Sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.