İstedadlı ahıl və sağlamlıq imkanları məhdud şəxslərin maddi vəziyyətini yaxşılaşdırmaq, onların fərdi məşğulluğunu təmin etmək, qabiliyyət və bacarıqlarını inkişaf etdirmək məqsədilə bu kateqoriyadan olan şəxslərin rəsm və əl işlərinin sərgisi və satışı təşkil edilir. Bunula yanaşı xüsusi istedada malik sağlamlıq imkanları məhdud şəxslərin rəsm və əl işləri ölkə miqyaslı sərgi-müsabiqələrdə nümayiş etdirilir. 2015-ci ildə Bakı şəhərində keçirilən Əlillərin IX Ümumrespublika Sərgi-Müsabiqəsində Naxçıvan Muxtar Respublikasından iştirak edən 2 nəfər rəngkarlıq və qrafika üzrə yüksək yerə layiq görülmüşdür. Naxçıvan şəhərində onların rəsm və əl işlərinin satışı məqsədilə mağaza fəaliyyət göstərir.
Bununla yanaşı 28 sentyabr 2016-cı il tarixdən 08 oktyabr 2016-cı il tarixədək Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq, Bilik Fondunun Himayəçilik Şurasının, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı təşkil edilmişdir. Sərgi-satışa muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud 54 şəxsin 254, 227 istedadlı qadının isə 934 olmaqla, ümumilikdə, 281 qadının müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 1188 yaradıcılıq nümunəsi çıxarılmışdır.