MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

08 iyun 2007-ci il tarixdən fəaliyyətə başlayan Naxçıvan Uşaq Bərpa Mərkəzi 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların fizioterapevtik vasitələrlə reabilitasiyasını həyata keçirən müalicə müəssisəsidir.

14 çarpayılıq Mərkəzdə muxtar respublikada yaşayan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar müalicə kursu qəbul edə bilərlər. Stasionar və ambulator şəraitdə müalicə aparılan Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqların həkimlər tərəfindən ətraflı müayinə olunması üçün müasir standartlara cavab verən elektrokardioqrafiya, ultrasəslə müayinə və elektroensefaloqrafiya avadanlıqları mövcuddur. Stasionar müalicə alanlar gündə 5 dəfə pulsuz yeməklə təmin edilirlər.

Sağlamlıq imkanları məhdud uşaqların müalicəsi üçün Mərkəzdə müxtəlif tezlikli cərəyanlarla müalicə, həmçinin mikrodalğa, infraqırmızı lampa,  yeriş imitatoru, unikreslo, aşil-tendon gərici, artromot müalicə aparatları, müalicəvi bədən tərbiyəsi zalı, parafin applikasiyası üçün xüsusi otaq, fərdi massaj otağı, su ilə müalicə otağı (mirvari vannası, burulğanlı vanna), hovuz fəaliyyət göstərir.