MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na əsasən, məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranan çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya yaradılıb. 2014-2015-ci tədris ilində sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduqları Naxçıvan şəhərinin, həmçinin Şərur və Sədərək rayonlarının məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrində uşaqların tədrisdə iştirakına, peşə maraqlarının aşkar edilməsinə, psixoloqlar tərəfindən sağlamlıq imkanları məhdud uşaqlarla fərdi proqram əsasında həyata keçirilən tədbirlərin nəticələrinə dair monitorinqlər, həmçinin sağlamlıq imkanları məhdud uşaqların valideynləri və müəllimləri ilə maarifləndirici görüşlər keçirilib.

Dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər planında nəzərdə tutulan müvafiq tapşırıqların icrasının davamı olaraq, dekabrın 26-da Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbində yeni tədris ilində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə komissiya üzvləri, Ordubad şəhər internat, 1 və 3 nömrəli, həmçinin Nüsnüs və Əndəmic kənd tam orta məktəblərində dərslərə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər. Görüşdə məktəbdə psixoloji xidmətin təşkili, sağlamlıq imkanları məhdud uşaqlarla aparılan işin səmərəliliyini artırmaq məqsədilə psixoloq tərəfindən hazırlanmış fərdi pro­qramlar əsasında həyata keçirilən tədbirlərlə, müvafiq kateqoriyalı uşaqların tədrisdə iştirakının vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar maarifləndirici söhbətlər aparılıb.
Sonda komissiya üzvləri iştirakçıların suallarını cavablandırıblar.
Maarifləndirici tədbirlər davam etdirilir.