3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə tədbirlər keçirilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək vurğulayıb ki, muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Bütün sahələrdə müşahidə olunan dinamik inkişaf bu kateqoriyadan olan şəxslərin də sosial müdafiəsinin günbəgün gücləndirilməsinə imkanlar açıb. Onlara müxtəlif növ sosial xidmətlər göstərilir, onların tibbi və sosial reabilitasiyaları təşkil edilir, müvafiq kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, müharibə əlilləri minik avtomobilləri ilə təmin olunur, tənha yaşayan, qayğıya ehtiyacı olan məhdud fiziki imkanlılara evdə sosial-məişət xidməti göstərilir, habelə bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir
Sonra çıxış edənlər bildiriblər ki, muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərə göstərilən sosial xidmətlərin səviyyəsi yüksəlib, onların asudə vaxtlarının mənalı təşkili istiqamətində həyata keçirilən tədbirlər intensiv xarakter alıb.
Babək rayonunda keçirilən tədbirdə sağlamlıq imkanları məhdud ifaçılardan ibarət musiqi qrupu tədbir iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edib.
Tədbirlərdə, ümumilikdə, sağlamlıq imkanları məhdud 1000 şəxsə sovqat təqdim olunub.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər