Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il noyabrın 13-ü “Beynəlxalq Gözdən Əlillər Günü” kimi qeyd olunur.
13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə dünən Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında tədbirlər keçirilib.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərə, o cümlədən görmə qabiliyyəti məhdud şəxslərə göstərilən müxtəlif növ sosial xidmətin səviyyəsi yüksəldilir, onların cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə qabiliyyəti məhdud şəxslərin informasiya texnologiyalarına yiyələnmələri, təhsil almaları üçün hər cür şərait yaradılıb. Mərkəzdə onlar üçün brayl əlifbası ilə çap olunmuş çoxlu sayda kitab və audiokitabxana mövcuddur. Eyni zamanda görmə qabiliyyəti məhdud şəxslər üçün hər ay “Könül işığı” adlı brayl jurnalı nəşr edilir.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə tədbirlər keçirilib. Bu tədbirlərdə, ümumilikdə, 300 görmə qabiliyyəti məhdud olan şəxsə sovqat verilib.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu tarix fransız pedaqoqu Valentin Qayuinin anadan olduğu gündür. 13 noyabr 1745-ci ildə anadan olan Valentin Qayuin dünyada ilk dəfə gözdən əlillər üçün qabartmalı şriftlər yaradıb. 1784-cü ildə isə öz evində “Görmə qüsuru olan işçilərin emalatxanası” adlı məktəb açıb və ixtirası olan qabartmalı şriftlərdən istifadə etməklə onlara təlim keçib.