Muxtar respublikamızda görmə qabiliyyəti məhdud olan şəxslərin sosial reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzindədir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan şəxslərə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar aşılanır, brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, hər ay “Könül işığı” adlı brayl jurnalı nəşr edilir, habelə audio ktabxana xidməti göstərilir.
Muxtar respublikada yaşayan görmə qabiliyyəti məhdud şəxslər mərkəzdə qeydiyyatdan keçdikldən sonra sabit telefonla ”258” nömrəsinə zəng etməklə mərkəzin kitabxanasında olan audiokitabları dinləyirlər. Kitabxananın kataloqu daim yeni ədəbiyatlarla zənginləşdirilir. Görmə qabiliyyəti məhdud dinləyicilərə xidmətin həcminin artırılması istiqamətində də tədbirlər həyata keçirilir. Xarici dildə ədəbiyyat və milli musiqi bölməsinin təşkili bunun əyani ifadəsidir.
Bu günə qədər audio kitabxanada muxtar respublika üzrə 482 görmə qabiliyyəti məhdud şəxs qeydiyyatdan keçib. Mərkəzin audio kitabxanasında 446 kitab mövcuddur.
Cari ilin 11 noyabr tarixində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio kitabxananın fəal dinləyicilərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə 10 nəfər görmə qabiliyyəti məhdud fəal dinləyiciyə hədiyyələr təqdim edilib.
Tədbir iştirakçıları göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, audio kitabxananın “258” nömrəli telefon xətti 24 saat ərzində bu qəbildən olan şəxslərin xidmətindədir. İş günləri saat 9-dan 18-ə qədər mərkəzin operatoru, digər vaxtlarda isə sistem avtomatik xidmət göstərir. Xidmətdən eyni anda 30 nəfər istifadə edə bilər.