Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin tibbi və sosial reabilitasiyalarının kompleks şəkildə həlli, o cümlədən bu kateqoriyadan olanlara protez-ortopedik xidmətlərin göstərilməsi istiqamətində davamlı olaraq müvafiq tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin 3-5 noyabr tarixlərində protez-ortopedik məmulatlarına və texniki bərpa vasitələrinə ehtiyacı olan 66 məhdud fiziki imkanlıya, o cümlədən 22 ahıla və sağlamlıq imkanları məhdud 9 uşağa növbəti səyyari xidmət göstərilib.
Tibbi-texnik heyət məhdud fiziki imkanlı şəxslərin evlərinə gedərək onların ehtiyacları ilə maraqlanıb, 17 nəfərin protez və ortez sifarişləri qəbul edilib, 2 nəfərin protezləri təmir olunub, eyni zamanda 66 nəfər texniki-bərpa vasitələri ilə, o cümlədən 11 nəfər eşitmə apartı, 55 nəfər isə müxtəlif növ əsalarla təmin edilib.