Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda sağlamlıq imkanları məhdud şəxslərin və ahılların rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə təşkil edilib. Sərgi-müsabiqə oktyabrın 31-dək davam edəcək.
Sərgi-müsabiqədə 53 müəllifin 137 adda əl işi və 34 adda müxtəlif janrlarda çəkdiyi rəsmlər nümayiş etdirilir. Rəsm və əl işlərində rənglərin, bədii tikmələrin, metal üzərində döymələrin dili ilə tarixi-memarlıq abidələrimiz, muxtar respublikamızın füsunkar təbiəti öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov sərginin açılış mərasimində çıxış edərək qeyd edib ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin və ahılların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hər il sağlamlıq imkanları məhdud şəxslərin və ahılların fərdi qabiliyyət və bacarıqlarını inkişaf etdirmək məqsədilə yaradıcılıq müsabiqələri, idman yarışları təşkil edilir. Bütün bu tədbirlərin həyata keçirilməsi istedadlı ahıl və sağlamlıq imkanları məhdud şəxslərə dövlətimizin göstərdiyi maddi və mənəvi dəstəyin ifadəsi olub, onların rifahının yüksəlməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək qeyd edib ki, bu qəbildən olan tədbirlər istedadlı sağlamlıq imkanları məhdud şəxslərin və ahılların yaradıcılıq potensialını üzə çıxarmaqla onların qabiliyyət və bacarıqlarının, həmçinin estetik duyğularının formalaşmasına təkan verir, yaradıcılıqlarına inam hissi aşılayır.
Tədbirdə nümayiş etdirilən rəsm və əl işlərinin satışı da təşkil olunub. Bu da istedadlı sağlamlıq imkanları məhdud şəxslərin və ahılların maddi vəziyyətlərinin yaxşılaşmasına, onların yaradıcılıq əzminin daha da artmasına şərait yaradır.
Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Münsiflər heyəti tərəfindən qiymətləndirilən müsabiqənin qaliblərinə mükafat və diplomlar təqdim edilib. Sonra sərgiyə baxış olub.
Məlumat üçün qeyd edək ki, müsabiqədə xüsusi fərqlənən rəsm və əl işlərinin Bakı şəhərində keçiriləcək Əlillərin IX Ümumrespublika Sərgi-Müsabiqəsində nümayiş etdirilməsi nəzərdə tutulub. Xatırladaq ki, 2012-ci ildə Bakı şəhərində keçirilən Əlillərin VIII Ümumrespublika Sərgi-Müsabiqəsində muxtar respublikamızdan sağlamlıq imkanları məhdud 7 şəxsin 22 adda rəsm və 18 adda əl işləri nümayiş etdirilib və müsabiqənin qalibləri sırasında 3 həmyerlimiz olub.