MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 10-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində serebral iflic xəstəliyi olan uşaqların valideynləri ilə maarifləndirici görüş keçirilib. Tədbirin təşkil edilməsində əsas məqsəd valideynlərə bu kateqoriyadan olan uşaqlarla evdə davranışa, onların təlim-tərbiyəsinin təşkilinə və ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət xidmətinin göstərilməsidir.

Tədbirdə Naxçıvan Əlillərin Bərpa Mərkəzinin həkim nevropatoloq-psixoterapevti Rəfayil Orucov, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-defektoloqu Çinarə Abbasova serebral iflic xəstəliyi olan uşaqların ailə üzvləri ilə psixoloji-mənəvi söhbət aparıblar. Qeyd olunub ki, uşaq serebral iflici polietioloji xəstəlik olub, baş beyinin uşağın bətndaxili inkişafı dövründə, doğuş zamanı və ya doğuşdan sonra müxtəlif səbəblərlə zədələnməsi ilə yaranır. Xəstəlikdən əziyyət çəkənlərin çoxunda epileptik tutmalar, nitq qüsuru olur. Həmin uşaqlar gec oturur, onların durma və yerimələri ləngiyir.

Vurğulanıb ki, yeni doğulan uşaqların nevroloji müayinəsi aparılmalıdır.  Müalicənin əsas istiqaməti reabilitasiya yönündə olub, fiziki bərpa tədbirlərindən ibarət olmalıdır.  Belə ki, hərəkət funksiyalarının bərpa və inkişafında fizioterapevtik üsullarla müalicə (müalicəvi bədən tərbiyəsi, masaj, isti vanna, sensor kabinələr) mühüm əhəmiyyət kəsb edir. Dərmanla müalicə isə ehtiyac olduqda təyin edilir.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.