MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə dövlət proqramı"nın sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması bəndinin icrası ilə bağlı olaraq iyulun 25-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə qabiliyyəti məhdud uşaqların iştirakı ilə tədbir keçirilib.

Tədbir bu kateqoriyadan olan 12 uşağın iştirakı ilə üç mərhələdə təşkil edilib. İlk olaraq eşitmə qabiliyyəti məhdud uşaqların iştirakı ilə kinect oyunu üzrə yarış keçirilib. Yarışda ilk üç yeri tutan iştirakçılara mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim edilib.

İkinci mərhələdə eşitmə qabiliyyəti məhdud uşaqların ifasında  səhnələşdirilən "Turpun nağılı" tamaşası göstərilib.

Üçüncü mərhələdə isə bu kateqoriyadan olan uşaqlar milli rəqslərimizi ifa ediblər.

Bu qəbildən olan tədbirlər eşitmə qabiliyyəti məhdud olan uşaqların intellektual səviyyələrinin yüksəlməsinə, onların cəmiyyətə inteqrasiyasına xidmət edir.