Muxtar respublikada görmə məhdudiyyəti olan şəxslərin reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar aşılanır, onlara audio kitabxana xidməti göstərilir, onlar üçün brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur. Həmçinin bu kateqoriyadan olan şəxsləri muxtar respublikada baş verən yeniliklər və inkişaf barədə məlumatlandırmaq üçün “Könül işığı” adlı aylıq brayl jurnalının nəşri həyata keçirilir.
İyulun 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslər arasında “Qaranlığa doğan Günəş” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
Əsas məqsəd bu kateqoriyadan olan şəxslərə diqqət və qayğının artırılması, onların istedadlarının aşkara çıxarılmasıdır. Son illər muxtar respublika sakinlərinin sosial müdafiəsinin gücləndirilməsi görmə məhdudiyyəti olan şəxslərin də həyat şəraitinin yaxşılaşmasına, onların hüquqlarının təmin olunmasına şərait yaradıb. Müsabiqədə iştirak edən görmə qabiliyyəti məhdud 10 şəxs muxtar respublikada bu kateqoriyadan olan vətəndaşlara göstərilən yüksək diqqət və qayğını könül gözləri ilə duyduqları kimi, ədəbi dildə də ifadə ediblər.
Sonda münsiflər heyətinin rəyinə əsasən, ilk üç yerə layiq görülən müsabiqə iştirakçılarına mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim edilib.