Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlərin keçirilməsi bəndinin icrasına uyğun olaraq, 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan tədbirlər davam etdirilir.
Mayın 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların gəzintisi təşkil olunub.
Parkda uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Sağlamlıq imkanları məhdud uşaqlar əyləncə guşələrində və digər attraksionlarda əyləniblər. Həmçinin gəzintidə uşaqlara pulsuz iaşə xidməti də göstərilib.
Gün ərzində bu kateqoriyadan olan uşaqlar üçün bütün əyləncə guşələri pulsuz olub.
Həmin gün sağlamlıq imkanları məhdud uşaqlar üçün M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Nağı İsmayılzadənin “Ağca və Bozca” pyesi əsasında səhnələşdirilmiş tamaşa göstərilib.
Anaya məhəbbət, xeyirxahlıq kimi yüksək insani keyfiyyətlər təlqin edən tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.
Uşaqların asudə vaxtının mənalı təşkili onlarda xoş ovqat yaradıb.