MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

1986-cı il aprelin 26-da Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında XX əsrin ən dəhşətli  və böyük fəlakətlə nəticələnən texnoloji qəzası baş verib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın 28-ci ildönümü münasibətilə tədbirlər keçirilib.

Naxçıvan şəhərində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində güclü radioaktiv sızma minlərlə insanın həlak olmasına, sağlamlıqlarını itirməsinə və  yaşayış yerlərini tərk etməsinə səbəb olub. 

Çernobılda baş verən bu texnoloji qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində muxtar respublikanın 500 nəfərə yaxın sakini iştirak edib.

Ölkəmizdə bu kateqoriyadan olan vətəndaşların statusu və sosial müdafiəsini tənzimləyən müvafiq qanun və normativ-hüquqi aktların qəbul olunduğunu bildirən nazir deyib ki,  Çernobıl qəzası nəticələrinin aradan qaldırılması zamanı zərərçəkmiş muxtar respublika sakinlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən onların müalicələrinin təşkili, nəqliyyat vasitələri ilə təmin edilmələri, bu kateqoriyadan olanlara müxtəlif sosial xidmətlərin göstərilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Sonra Naxçıvan Muxtar Respublikası Çernobıl Əlilləri İctimai Birliyinin sədri Eyvaz Əsgərov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Çernobıl əlilləri adından dövlətimizə minnətdarlığını bildirib.

Həmin gün muxtar respublikanın rayonlarında da Çernobıl faciəsinin ildönümü münasibətilə tədbirlər keçirilib. Şərur və Babək rayonlarında keçirilən tədbirlərdə Çernobıl qəzasının fəsadlarını əks etdirən fotosərgi və sənədli film nümayiş etdirilib. Çernobıl qəzasının ləğvində iştirak edən, ümumilikdə, 262 nəfərə ərzaq payı təqdim edilib.