Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası üzrə hazırlanmış tədbirlər planına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması istiqamətində təşkil olunan tədbirlər davam etdirilir.
Belə ki, aprelin 11-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 12 uşağın iştirakı ilə „Oxu,qavra“ adlı növbəti mütaliə yarışı keçirilib. Yarış iştirakçıları bir saat ərzində elektron kitabxananın kataloqunda olan bədii ədəbiyyatdan seçilmiş hekayəni oxumaqla onun məzmununa aid tərtib olunan test suallarını cavablandırıblar. Ən çox sualı düzgün cavablandıran iştirakçı yarışın qalibi hesab edilib.
Yarışda ilk üç yeri tutan sağlamlıq imkanları məhdud uşaqlara qiymətli hədiyyələr, digər yarış iştirakçılarna isə həvəsləndirici mükafatlar təqdim edilib. Bu tədbir eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlarda mütaliə vərdişi yaratmaqla, onların zehni inkişafının artmasına və intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir.