MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların sosial hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzindədir. Pensiyaların, təqaüd və müavinətlərin məbləğlərinin artırılması, həmçinin yeni təqaüd və müavinətlərin təsis edilməsi bu kateqoriyadan olan şəxslərin rifahının yüksəldilməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Prezidenti müharibə əlillərinin, müharibə veteranlarının, ümumi səbəbdən əlil olanların sosial müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını artırmaq məqsədilə müvafiq sərəncam və fərmanlar imzalamışdır.

Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması barədə” Fərmanına uyğun olaraq, cari il aprel ayının 1-dən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara təyin olunan Prezident təqaüdünün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyən edilmişdir. Bu fərman muxtar respublikada yaşayan 863 nəfər müharibə əlilinə şamil olunacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli digər Fərmanı ilə “Əlillik ümumi xəstə­lik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Bu təqaüdün aylıq məbləği 60 manatdır. Bu fərman əmək pensiyası almaq hüququ olmayan və sosial müavinət alan I qrup əlillərə şamil olunur. 2014-cü il 1 aprel tarixindən etibarən muxtar respublikada yaşayan və sosial müavinət alan I qrup 603 əlilə hər ay aldıqları 67 manat məbləğində vəsaitlə birgə 60 manat məbləğində Prezident təqaüdü də ödəniləcəkdir.

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına uyğun olaraq, əmək pensiyası hüququ olmayan müharibə veteranlarına aylıq ödənilən sosial müavinətin məbləği 45 manat müəyyən edilmişdir. Bu fərman 2014-cü il 1 aprel tarixindən muxtar respublikada yaşayan və əmək pensiyası almaq hüququ olmayan 2429 nəfər müharibə veteranına şamil olunacaqdır.

Məlumat üçün qeyd edək ki, 2014-cü il yanvarın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin müəyyən edilməsi haqqında” Fərmanına uyğun olaraq, beşdən çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 30 manat müəyyən edilmişdir.
2014-cü il 1 aprel tarixindən etibarən rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən müvafiq vətəndaşlara müavinət və təqaüdlərin artırılmış məbləğdə ödənilməsi təmin olunacaqdır.