Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib. 2012-ci ildən etibarən bu gün muxtar respublikamızda da qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 21 mart – Ümumdünya Daun Sindromlu İnsanlar Günü münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” kafesində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada məhdud fiziki imkanlı şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara göstərilən qayğıdan danışıblar. Bildirilib ki, bu kateqoriyadan olan şəxslərin tibbi-sosial reabilitasiyası və asudə vaxtlarının mənalı təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Daun sindromlu uşaqların zehni inkişafı və hərəkət qabiliyyətinin artırılması məqsədilə tədbirlərin keçirilməsi də daim diqqət mərkəzində saxlanılır.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” rəqs qrupu və Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblı tədbir iştirakçıları qarşısında konsert proqramı ilə çıxış ediblər.
Sonda daun sindromlu 62 şəxsə bayram hədiyyələri təqdim edilib. Valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.