MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqlara göstərilən diqqət və qayğının ifadəsidir.

Proqramın qəbul edilməsində əsas məqsəd muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüququnun təmin edilməsidir. Proqramın icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter alacaq, inklüziv və məsafədən (distant) təhsilə keçid üçün əsaslı zəmin yaranacaq, bu kateqoriyadan olan uşaqların təhsilinin keyfiyyəti yüksələcək və bu sahədə müvafiq pedaqoji kadr hazırlığı təkmilləşəcək. Bunun üçün dövlət proqramında sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb edilməsi istiqamətində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Cari ilin yanvar ayı ərzində sözügedən dövlət proqramında göstərilən müddəaların həyata keçirilməsi istiqamətində bir sıra işlər görülüb. Belə ki, məktəbəqədər yaşlı, əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən sağlamlıq imkanları məhdud uşaqlar barəsində məlumat bazası yaradılıb. Hazırda sağlamlıq imkanları məhdud 40 nəfər uşaq məktəbəqədər təhsil müəssisəsinə gedir, 843 nəfər uşaq isə ümumtəhsil müəssisələrində təhsil alır.

Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən uşaqlar üçün Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılacaqdır. Distant dərslərə cəlb ediləcək hərəkət qabiliyyəti məhdud 19 uşaq müəyyənləşdirilib. Onlar kompüter, skaner və məktəbli ləvazimatları ilə təmin olunacaqlar.

Mərkəzdə eşitmə məhdudiyyəti olan sağlamlıq imkanları məhdud 7 uşaqla daktilo əlifbası üzrə distant dərslər davam etdirilir. Daktilo əlifbası üzrə tədrisə cəlb edilən eşitmə məhdudiyyətli uşaqlar xüsusi dərs vəsaiti ilə təmin ediliblər.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil edilmiş defektoloji bölmədə mütəxəssislərin iş təcrübəsini artırmaq məqsədilə təlim-məşğələlərin keçirilməsi davam etdirilir. Bölmənin fəaliyyətinin təşkili məqsədilə kadr potensialı artırılıb və təlim otağı elektron lövhə ilə təmin edilib. Hazırda zehni inkişafında, həmçinin nitqində qüsurları olan 10 uşağın reabilitasiyası məqsədilə bölmənin müəllim-defektoloqu tərəfindən təlim- məşğələnin keçilməsinə başlanılıb.

Sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan 18 uşağın iştirakı ilə bilik və kinekt oyunları üzrə yarışlar keçirilib. Bundan başqa, ay ərzində sağlamlıq imkanları məhdud 5 uşaq məktəbdənkənar müəssisələrə cəlb edilib.

Məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranan çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya yaradılıb və onun iş planı təsdiq edilib. Komissiya artıq fəaliyyətə başlayıb. Komissiya üzvləri sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrdə uşaqların tədrisdə iştirakına, peşə maraqlarının aşkar edilməsinə, ümumtəhsil müəssisələrində psixoloqlar tərəfindən sağlamlıq imkanları məhdud uşaqlarla fərdi proqram əsasında həyata keçirilən tədbirlərin nəticələrinə dair monitorinqlər, həmçinin sağlamlıq imkanları məhdud uşaqların valideynləri, müəllimləri ilə görüşlər keçiriblər.  Komissiya fəaliyyətini davam etdirir.