Muxtar Respublikamızda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır. “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın qəbul edilməsində də əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüququnun təmin edilməsinə, onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Proqramda sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qeyd olunan proqramın müvafiq müddəalarının icrasını həyata keçirir. Bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması üçün bu kateqoriyadan olan 18 uşağın iştirakı ilə bilik və kinekt oyunları üzrə yarış təşkil edilib.
Sağlamlıq imkanları məhdud uşaqlar üç mərhələdə yarışıblar. İlk mərhələdə yarış iştirakçıları xüsusi kompüter proqramı əsasında hazırlanan 50 sualı cavablandırıb, digər iki mərhələdə isə kinekt oyunları üzrə qabiliyyət və bacarıqlarını nümayiş etdiriblər.
Hər mərhələnin qalibinə mükafat, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr verilib.