Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının iştirakı ilə Şahbuz şəhərində yaşayan sağlamlıq imkanları məhdud vətəndaş Qabil Nağıyevin ailəsi ilə görüş keçirilmişdir. Tədbir iştirakçıları xüsusi qayğıya ehtiyacı olan ailənin məişəti, yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvləri tibbi müayinədən keçirilmiş, ailəyə ərzaq payı və məişət avadanlığı – paltaryuyan maşın verilmişdir.
Qabil Nağıyev ailə üzvləri adından onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, müvafiq kateqoriyadan olan ailələrə dövlət qayğısı ilbəil artırılır. Xüsusi qayğıya ehtiyacı olan ailələrə evlərində baş çəkmək, onların sosial problemlərinin həllinə köməklik göstərmək artıq ənənə halını almışdır.