Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən bayram şənliyi uşaqlara xoş-əhval ruhiyyə bəxş edən əyləncələrlə yadda qalıb. Bayram tədbirində Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə alan və Regional İnformasiya Mərkəzində tədrisə cəlb edilən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar iştirak ediblər.
Şənliyə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi xüsusi ab-hava qatıb. Teatrın aktyorları uşaqlara Nağı İsmayılzadənin “Ağca və Bozca” tamaşasından səhnəciklər göstəriblər. Şaxta baba və Qar qız uşaqları yeni il bayramı münasibətilə təbrik edərək hədiyyələr veriblər. Sonra rəngarəng musiqi nömrələri səsləndirilib.