Görmə qabiliyyəti məhdud insanların sosial reabilitasiyalarının təşkili muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan insanların oxuma və yazması üçün onlara brayl şriftli əlifbanın öyrədilməsinin böyük rolu vardır. Bu əlifbanın öyrədilməsi onların biliklərə yiyələnməsində, dünyagörüşlərinin zənginləşməsində mühüm əhəmiyyət kəsb edir.
Bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə qabiliyyəti məhdud şəxslər üçün brayl əlifbasının tədrisi üzrə növbəti kurs təşkil edilib. Kursa məktəb təhsili olmayan 18 yaşından yuxarı görmə qabiliyyəti məhdud 5 şəxs cəlb edilib. Kurs iştirakçılarına brayl şriftlər öyrədiləcək, eyni zamanda xüsusi brayl monitorlar vasitəsilə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar aşılanacaq. Dərsləri mərkəzin müəllimi Elməddin Kərimov tədris edir. Həftənin I, II və IV günləri keçirilməsi nəzərdə tutulan kurs 8 ay davam edəcək.
Məlumat üçün qeyd edək ki, brayl əlifbası görmə qabiliyyəti məhdud insanların oxuyub-yazması üçün 1821-ci ildə fransız tiflopedaqoqu Luis Brayl tərəfindən tərtib edilən qabarıq nöqtəli əlifbadır. O, 6 qabarıq nöqtənin müxtəlif kombinasiyalarından istifadə edərək bütün hərf və rəqəmləri, həmçinin durğu işarələrini yaratmışdır.