MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Dünən Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində fiziki imkanları məhdud şəxslərin iştirakı ilə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib.

Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev çıxış edərək bildirib ki, muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, o cümlədən fiziki imkanları məhdud  insanlara hərtərəfli diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olanların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının mühafizəsi və tibbi sosial reabilitasiyasının təşkili, informasiya texnologiyalarından istifadələri, onların cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Həmin gün rayon mərkəzlərində də tədbirlər keçirilib. Kəngərli rayonunda keçirilən tədbirdə sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu iştirakçılar qarşısında konsert proqramı ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə, ümumilikdə, fiziki imkanları məhdud 1000 nəfərə ərzaq sovqatı təqdim olunub.

Fiziki imkanları məhdud şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.