13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında tədbirlər keçirilib.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, muxtar respublikamızda məhdud fiziki imkanlı, o cümlədən görmə qabiliyyəti məhdud şəxslərə göstərilən müxtəlif növ sosial xidmətin səviyyəsi yüksəldilib, onların cəmiyyətə inteqrasiya olunmaları istiqamətində həyata keçirilən tədbirlər intensiv xarakter alıb. Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə qabiliyyəti məhdud şəxslərin informasiya texnologiyalarına yiyələnmələri, təhsil almaları üçün hər cür şərait yaradılıb. Mərkəzdə onlar üçün brayl əlifbası ilə çap olunmuş çox sayda kitab və audio kitabxana mövcuddur.
Qeyd edək ki, həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə tədbirlər keçirilib. Bu tədbirlərdə, ümumilikdə, görmə qabiliyyəti məhdud olan 300 şəxsə sovqat təqdim olunub.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər