Dünən Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində 9 Noyabr –Dövlət Bayrağı Günü ilə əlaqədar paralimpiyaçılar arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birinciliyin açılış mərasimində federasiyanın sədr müavini Elçin Nəzərəliyev və Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli çıxış edərək yarışın əhəmiyyətindən danışıblar. Birincilikdə 30 paralimpiyaçı iştirak edib. Gərgin mübarizədən sonra Kəngərli rayon paralimpiyaçısı Sücaəddin Seyidov qalib olub. Babək rayon təmsilçisi Elşən Əliyev ilə Kəngərli rayon idmançısı Ələkbər Əsgərov ikinci və üçüncü yerləri tutublar.
Sonda qaliblərə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının hədiyyələri təqdim edilib. Həmçinin yer tutmayan digər iştirakçılara həvəsləndirici mükafatlar verilib