Muxtar respublikamızda məhdud fiziki imkanlı vətəndaşların sağlamlıqlarının qorunması, tibbi-sosial problemlərinin həlli istiqamətində davamlı olaraq müvafiq tədbirlər həyata keçirilir.
22 – 24 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən protez-ortopediya məmulatlarına və texniki-bərpa vasitələrinə ehtiyacı olan 67 nəfər məhdud fiziki imkanlıya, 26 nəfər ahıla və sağlamlıq imkanları məhdud 8 nəfər uşağa növbəti səyyar xidmət göstərilib.
Tibbi-texniki heyət məhdud fiziki imkanlıların evlərinə gedərək onların ehtiyacları ilə maraqlanıb, 11 nəfərdən protez və ortez sifarişləri qəbul olunub, 8 nəfərin protezləri təmir edilib, 3 nəfərə protez-ortopediya məmulatları verilib. Bundan başqa, 2 nəfər əlil arabası, 10 nəfər eşitmə aparatı, 35 nəfər isə müxtəlif növ məmulatlar olmaqla, 47 nəfər texniki-bərpa vasitələri ilə təmin edilib.
Qeyd edək ki, cari ilin ötən dövrü ərzində nazirlik tərəfindən, ümumilikdə, 184 nəfər məhdud fiziki imkanlı vətəndaşa protez-ortopedik xidmət göstərilib, 389 nəfərə müxtəlif texniki-bərpa vasitələri verilib.