MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Avqustun 24-ə Naxçıvan Muxtar Respublikası Ali Məclisində  2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında qoyulan vəzifələrdən biri də  hərbi hissələr üçün yun corabların toxunmasının  davam etdirilməsidir. Verilmiş  tapşırığın icrasına müvafiq olaraq nazirlik tərəfindən cari ilin sonuna kimi 5000 cüt yun corabın toxunaraq hərbi hissələrə təhvil verilməsi nəzərdə tutulub.

Bu ilin 2 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən „N“ saylı hərbi hissəyə 1567 cüt yun corab təhvil verilib. Tədbirdə  Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev çıxış edərək dövlətimizin ordumuza göstərdiyi qayğıdan danışıb. O, vurğulayıb ki, bu yun corabları  Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlanmış müqavilə əsasında fiziki imkanları məhdud və ahıl vətəndaşlarımız toxuyublar. Bu tədbir həmçinin onların maddi vəziyyətlərinin yaxşılaşmasına xidmət edir.  İlin sonunadək daha 3433 cüt yun corab toxunaraq hərbi hissələrə təhvil veriləcəkdir.

Naxçıvan Qarnizonunun zabiti, komandanlıq adından bu tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Sonda yun corablar əsgərlərə təhvil verilib.

Qeyd edək ki, muxtar respublika ərazisində yerləşən hərbi hissələrə mütəmadi olaraq müxtəlif dövlət qurumları, ictimai təşkilatlar tərəfindən səfərlər təşkil edilir, əsgər və zabitlərimizə sovqatlar aparılır. Yun corabların təhvil verilməsi də bi istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.