MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

1 oktyabr-Beynəlxalq Ahıllar Günü münasibətilə Ahıllar Evində tədbir təşkil edilib. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov çıxış edərək qeyd edib ki, muxtar respublikamızın bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi, xüsusi qayğıya ehtiyacı olan  şəxslərin, o cümlədən ahılların  sosial müdafiəsinin davamlı güclənməsinə  imkan yaradıb. Muxtar respublikamızda ahıllara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlığının qorunması, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova  qeyd edib ki, muxtar respublikamızda ahıllara dövlət  qayğısı günbəgün artır, onların muxtar respublikanın sosial, ictimai və mədəni həyatında fəal iştiraklarının təmin olunması ücün hər cür şərait yaradılıb. Mütəmadi olaraq tənha ahıllara evlərində baş çəkilir, onların  zəruri sosial poblemləri yerindəcə həll edilir.

Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova çıxışında bildirib ki, Şahbuz rayonunda yaşayan ahılların güzaranının yaxşılaşması, onların sağlam həyat tərzində yaşamasının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülür. Ahıllar Evi sakinlərinin fəal həyat tərzində yaşamları və istirahətləri üçün hərtərəfli şərait yaradılıb, həmçinin onlara mütəmadi tibbi və sosial reabilitasiya xidməti göstərilir.

Tədbirdə Şahbuz Rayon Mədəniyyət Evinin musiqi kollektivi konsert poqramı ilə çıxış edib.

Sonda sakinlərə  hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən tənha ahılların iştirakı ilə tədbirlər keçirilib. Tədbirdə çıxış edənlər qeyd edib ki, muxtar respublikamızda yaşayan ahıl şəxslər  dövlətimizin qayğısı əhatəsindədirlər.   Onların hüquqlarının qorunması, güzaranlarının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır, asudə vaxtlarının səmərəli keçirmələri istiqamətində intensiv tədbirlər həyata keçirilir.

Bu tədbirlərdə ümumilikdə 545 ahıla bayram sovqatı təqdim olunub.

Göstərilən diqqət və qayğıya görə tənha ahıllar ölkə başçısına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.