Muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların məntiqi nəticəsidir ki, ahıl vətəndaşlara göstərilən sosial xidmətin səviyyəsi yüksəlib, onların sağlam həyat tərzində yaşaması, cəmiyyətin həyatında fəal iştirakı üçün hərtərəfli şərait yaradılıb.
Tənha ahıllara göstərilən dövlət qayğısının daha bir nümunəsi Ahıllar Evidir. Ahıllar Evində sakinlərin rahat yaşaması üçün hər cür şəraiti yaradılıbdır. Sakinlərinin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif tədbirlər, o cümlədən muxtar respublikamızın tarixi-görməli yerlərinə gəzintilərin təşkili artıq ənənə halını alıb.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq 2013-cü ilin 27 sentyabr tarixində 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Ahıllar Evinin 13 sakininin Naxçıvan şəhərinə gəzintiləri təşkil edilib. Tədbir iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzində olub, Əcəmi seyrangahını gəzərək Naxçıvan Dövlət Xalça və Açıq Səma Altında muzeylərin eksponatlarına, həmçinin Möminə xatın türbəsinə baxiblar.
Gəzinti iştirakçılarına müalicə mərkəzinin fəaliyyəti, duz şaxtalarının bronxial astma xəstələrinə müalicəvi təsiri barədə, muzeylərdə nümayiş etdirilən eksponatlar, həmçinin tarixi abidələrimiz haqqında ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Gəzinti iştirakçıları üçün nəqliyyat vasitəsi ayrılıb, nahar və çay fasiləsi təşkil olunub.
Tədbir ahıllarda xoş ovqat yaradıb. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.