MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

 

 

 

 

Heydər Əliyev Sarayında keçirilən məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın qalibləri mükafatlandırılıb. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq bildirdi ki, 5 ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun tədbirlər planına əsasən fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət Heydər Əliyev Sarayında sərgi-satışlar təşkil olunur.
Belə sərgi-satışların təşkil edilməsi qadınların məşğulluğunun təmin edilməsinə, onların rifah halının yüksəldilməsinə yönəldilmişdir. Bu gün təşkil olunan sərgi satışda 514 şəxsin 7 mindən çox rəsm və əl işi cəlb olunmuşdur. Sərgi-satışda 278 müəllifin 26557.70 manat dəyərində 2583 ədəd əl işi satılmışdır. Bu da müvafiq təbəqədən olan insanlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Ramilə Seyidova bildirdi ki, muxtar respublikada “Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı” çərçivəsində “Ən yaxşı əl işi” müsabiqəsi keçirilmişdir.
Müsabiqədə əl işləri - rəsm, toxuma-tikmə, dekorativ tətbiqi sənət nominasiyası üzrə I, II və III yerlər olmaqla seçilmişdir. Qeyd etmişdir ki, bu sərgi-satışa peşəkar və yaradıcı şəxslərlə yanaşı evdar qadınların da əl işləri qəbul edilib. Ancaq mükafatlandırılma zamanı yeni istedadların üzə çıxarılması, onlara stimul verilməsi məqsədilə əsasən evdar və məhdud fiziki imkanlı qadınlar seçilmişdir.
Sonda Naxçıvan Muxtar Respublikasında qadınlara, o cümlədən istedadlı qadınlara göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirmişdir ki, məhdud fiziki imkanlıların və istedadlı qadınların bütün sahələrdə iştirakı təmin olunur və bunun üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb. Onlar hətərəfli qayğı ilə əhatə olunur, eləcə də onların yaradıcılıq əzminin stimullaşdırılması məqsədilə zəruri işlər həyata keçirilir. Bu baxımdan ənənə halını almış sərgi-satışların təşkili mühüm tədbirlərdəndir. Bu tədbirlərin keçirilməsinin istedadlı şəxslərin bacarıqlarının üzə çıxarılması baxımdan önəmli sayıldığını bildirdi. Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Səyyad Bayramov “Ən yaxşı əl işləri” müsabiqəsinin əhəmiyyəti barədə ətraflı məlumat verdi və qalibləri təbrik etdi. Sonra məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı çərçivəsində keçirilən “Ən yaxşı əl işləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı. Rəsm nominasiyası üzrə: - qrup əlil - Məmmədov Müseyib Yunis oğlu III yerin, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi - Hacıyeva Aygün Emin qızı II yerin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq ixtisasının I kurs tələbəsi - Hacıyeva Əzizə Telman qızı I yerin, toxuma-tikmə nominasiyası üzrə: evdar qadın - Əliyeva Xalidə Rəman qızı III yerin, II qrup əlil, evdar qadın - Həsənova Günel Yasin qızı II yerin, evdar qadın - Cəfərova Günel Urman qızı I yerin, dekorativ tətbiqi sənət nominasiyası üzrə: Heydər Əliyev Uşaq Gənclər-Yaradıcılıq Mərkəzinin “Bacarıqlı əllər” dərnəyinin rəhbəri, metodist - Həmzəyeva Miranə Nizami qızı III yerin, Naxçıvan Müəllimlər İnstitutu Təbiətşünaslıq və incəsənət fakültəsinin
müəllimi - İmanlı Rübabə Cəlil qızı II yerin, II qrup əlil, Naxçıvan şəhər Texniki Yaradıcılıq Mərkəzinin Raket və təyyarə dərnəyinin rəhbəri - Ələkbərov Tofiq Əfrəddin oğlu I yerin qalibləri oldular. Qaliblərə təşkiltaçılar tərəfindən diplom və hədiyyə təqdim olundu. Müsabiqə qalibləri yaradılan şəraitə və göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.