Tərəqqi və inkşafın geniş vüsət aldığı muxtar respublikada əlilliyi olan şəxslərin sosial müdafiəsi, onlar üçün layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlərin icrası diqqət mərkəzində saxlanılır. Əlilliyi olan şəxslərin müvafiq texniki-bərpa vasitələri və protez-ortopedik məmulatlarla təmin edilməsi, tənha yaşayan, başqasının köməyinə ehtiyacı olanlara evlərdə sosial-məişət xidmətlərinin göstərilməsi, fərdi məşğulluqlarının və asudə vaxtlarının səmərəli təşkili bu kateqoriyadan olan sakinlərin həyat səviyyələrini yüksəltməklə yanaşı, onların bütün sahələrdə qabiliyyətlərinə uyğun fəaliyyət göstərmələrinə geniş imkanlar yaradıb. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin də fəaliyyəti daim diqqətdə saxlanılır, müvafiq kateqoriyadan olan şəxslərə göstərilən xidmətlərin həcmi və keyfiyyəti yaxşılaşdırılır. Mütəmadi olaraq reabilitasiyada müətərqqi üsulların istifadə olunduğu Mərkəzdə artıq kukla və nağıl terapiyalarının da tətbiqinə başlanılıb. Kukla terapiyası müvafiq kateqoriyadan olan uşaqlarda kiçik motorikanı inkişaf etdirirsə, nağıl terapiyası uşaqların nitq inkişafı, diqqətin toplanması, təfəkkür və təxəyyülün formalaşdırılması, xəyal gücünün artması, oyun bacarıqlarının formalaşmasına kömək edir. Bundan başqa uşaqlarda olan qorxu, aqressiya, özünə qapanma, davranış pozuntusu kimi psixoloji narahatlıqları da nağıl terapiyası vasitəsilə aradan qaldırmaq mümkündür.
Qeyd edək ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müxtəlif terapiya növləri ilə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud şəxslər üçün audio və elektron kitabxana xidməti də fəaliyyət göstərir. Azərbaycan Respublikasında ilk dəfə olaraq yaradılan bu xidmətdən muxtar respublikanın istənilən bölgəsində yaşayan görmə qabiliyyəti məhdud şəxslər arzuladıqları audiokitabları dinləmək imkanına malikdirlər. Hazırda 11 oxunması zəruri olan kitab və 1466 audio əsərin yerləşdirildiyi audiokataloqa, son olaraq Nizami Gəncəvinin əsərləri daxil edilib. Ölkəmizdə elan olunmuş “Nizami Gəncəvi ili” çərçivəsində dahi şairinin əsərlərini görmə məhdudiyyətli şəxslər üçün sosial könüllülər səsləndirib.