MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkilatçılığı ilə ahıl əlillər arasında şahmat, dama və nərd üzrə muxtar respublika birinciliyi keçirilib.

Yarış başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Paralimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev  çıxış edərək ahıl idmaçılara uğurlar diləyiblər. Naxçıvan şəhərindəki Şahmat Mərkəzində 30 nəfər ahılın iştirakı ilə keçirilən yarışın məqsədi əlil ahılların asudə vaxtının səmərəli təşkil edilməsi idi. Sonda şahmat üzrə İsrafil Hüseynli (Culfa) birinci, Əsədulla İsmaylov (Ordubad) ikinci, Cəlal Fətullayev (Babək) üçüncü; nərd üzrə Elxan Süleymanov (Naxçıvan) birinci, Hüseyn Abbasov (Naxçıvan) ikinci, Bayram Məmmədov (Şərur) üçüncü; dama üzrə Vahid Məmmədov (Naxçıvan) birinci, Fərhad Talıbov (Naxçıvan) ikinci, Vaqif Sadiqov (Ordubad) üçüncü yerlərə layiq görülüblər.