MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

 

 

 

 

Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti ilbəil yaxşılaşdırılır, bu istiqamətdə zəruri yeniliklər tətbiq edilir. Müvafiq kateqoriyadan olan şəxslərin maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis olunur, sosial ödənişlərin məbləği mütəmadi artırılır.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi iştirakçıları da dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələri, müharibə veteranları hərtərəfli diqqət və qayğı ilə əhatə olunurlar. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ilin yanvar ayının 1-dən Prezident təqaüdlərinin məbləğlərinin əhəmiyyətli dərəcədə artırılması, o cümlədən yeni Prezident təqaüdlərinin təsis edilməsi ölkəmizdə insan amilinə verilən yüksək dəyərin növbəti təzahürüdür. Bu gün, muxtar respublikamızda da Vətən müharibəsi iştirakçılarının tibbi və sosial reabilitasiya tədbirlərinə cəlb olunması, onlar üçün sosial dəstək tədbirlərinin icrası davam etdirilir. Artıq məlum olduğu kimi, bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralananlar və onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı Psixoloji Dəstək Xidməti yaradılıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional İnformasiya Mərkəzində təşkil olunan xidmətdən hazırda müvafiq kateqoriyadan olan 10 nəfər istifadə edir və həmin şəxslərə Mərkəzin psixoloqu tərəfindən lazımı psixoloji bərpa xidmətləri göstərilir. Qeyd edək ki, sözügedən xidmətə müraciətin daha da asanlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı – “sosial.nmr.az”-da “Şəhid ailələri və müharibədə yaralananlara psixoloji dəstək” adlı xüsusi bölmə də istifadəyə verilib. Belə ki, Psixoloji Dəstək Xidmətindən yararlanmaq istəyən muxtar respublika sakinləri həmin bölməyə daxil olmaqla qeydiyyatdan keçə və ya göstərilən əlaqə telefonlarına müraciət edə bilərlər. Bununla yanaşı, bugünlərdə Nazirliyin saytında, “şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək” bölməsi yaradılıb. Bu bölməyə daxil olmaqla, vətəndaşlar ölkəmizdə, eləcə də muxtar respublikamızda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xidmətlərin təşkili, qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlar və müavinətlərin təyini qaydaları, bu məqsədlə tələb olunan sənədlər və digər zəruri informasiyalarla tanış olmaq imkanına malikdirlər. Bu bölmə sual cavab formatında qurulub və sosial dəstək tədbirləri çərçivəsində ən çox müraciət olunan sahələri əhatə etməklə hazırlanıb.