MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

 

 

 

 

Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, onların sosial müdafiəsinin təmin olunmasına ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının 14 oktyabr 1992-ci il tarixli qərarı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.
Ölkəmizdə əlilliyi olan şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əsası qoyulan bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilir. Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq, bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, eyni zamanda onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır.
Bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamının icrasına uyğun olaraq əlilliyi olan şəxslər üçün sosial müavinətlər orta hesabla 100 faiz artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir.
Naxçıvan Muxtar Respublikasında müvafiq kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzinin, Uşaq Bərpa Mərkəzinin və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyət göstərməsi bu kateqoriyadan olan şəxslərin müalicəsinin və reabilitasiyasının təşkilində mühüm əhəmiyyətə malikdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil mərkəzinin yaradılması isə hərəkət qabiliyyəti məhdud şəxslərin təhsilə cəlbinə geniş imkanlar yaratmışdır.
Hazırda tənha ahıl və əlilliyi olan 309 şəxsə evlərində sosial-məişət xidməti göstərilir, onların sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Bununla yanaşı, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası məqsədilə, cari ilin 11 ayında Əlillərin Bərpa Mərkəzində 143, Uşaq Bərpa Mərkəzində 163 sağlamlıq imkanları məhdud şəxsə tibbi xidmət göstərilmişdir. Həmçinin, sağlamlıq imkanları məhdud 52 şəxsə pansionatlara göndəriş verilmiş, 474 nəfər texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilmiş, 265 nəfərə isə protez-ortopedik xidmət göstərilmişdir.
Məhdud fiziki imkanlı şəxslərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro-qramı”nın icrası məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin güclənməsinə əsaslı zəmin yaradır. Bu ilin ötən dövründə bu kateqoriyadan olan 28 şəxs münasib işlə təmin olunmuş, 30 nəfər sosial xarakterli haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, özünüməşğulluqlarının təmin edilməsi məqsədilə 59 nəfərə isə fərdi ailə təsərrüfatlarını formalaşdırmaq üçün köməklik göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası isə bu kateqoriyadan olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradır. Hazırda, bu qəbildən olan uşaqlardan 76-ı məktəbəqədər təhsil müəssisələrində, 1060 nəfəri ümumtəhsil məktəblərində, 10 görmə məhdudiyyətli uşaq xüsusi ibtidai məktəbdə, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən 12 uşaq isə distant tədris prosesi vasitəsi ilə təhsilini davam etdirir. Cari il ərzində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud 290 şagird məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin edilmişdir. Ümumilikdə, dövlət proqramının icrasına uyğun olaraq uşaqlar arasında şeir, bilik və yazı müsabiqələri 2020-ci ilin ötən dövründə də davam etdirilmişdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 12-də 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasına uyğun olaraq məhdud fiziki imkanlı qadınlar tərəfindən toxunmuş 4100 cüt yun corab, 2900 ədəd yun boyunluq və 920 ədəd şərf hərbi hissələrə təhvil verilmişdir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə Naxçıvan şəhərindən və rayonlardan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların və müxtəlif kateqoriyadan olan fiziki imkanları məhdud şəxslərin cəlbi davam etdirilir. Cari ilin ötən dövründə mərkəzdə fəaliyyət göstərən bütün bölmələrə bu kateqoriyadan olan 226, həmçinin mərkəzin defektoloji bölməsinin Şərur rayon filialına 31, Ordubad rayon filialına isə 32 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Mərkəzin defektoloji bölməsinin təlim məşğələlərinə 94, kinekt oyunlar otağına 38, məhdud fiziki imkanlıların kompüter kurslarına 39, əmək terapiyasına 37, musiqi terapiyasına 39, psixoloji dəstək xidmətinə 32, təlim bərpa məşğələlərinə isə 10 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Görmə məhdudiyyətli şəxslər üçün “Könül işığı”, eləcə də uşaqlar üçün “Şəfəq” adlı brayl jurnalının nəşri davam etdirilmiş, bu kateqoriyadan olan şəxslərin istifadəsi üçün yaradılmış audio kitabxana xidmətinə 12 audio əsər əlavə edilmişdir.
Əlilliyi olan şəxslərin idman qruplarına cəlbi və onların cəmiyyətə inteqrasiyası məqsədilə muxtar respublikanın bütün rayonlarında müxtəlif idman növləri üzrə yeni idman bölmələri yaradılmış, məşqçi-müəllimlər müəyyənləşdirilmişdir. Hazırda muxtar respublika üzrə Paralimpiya Federasiyasının 15 bölməsi fəaliyyət göstərir.
Muxtar respublikada sosial-¬iqtisadi sahədə dinamik inkişafın təmin olunması bundan sonra da əllliyi olan şəxslərin rifahının daha da yaxşılaşmasına, onların cəmiyyətə aktiv inteqrasiyasına imkan verəcəkdir.