Bu gün muxtar respublikada müşahidə olunan dinamik inkşaf təhsil sahəsini də əhatə edir, bu istiqamətdə müasir tələblər səviyyəsində kompleks tədbirlər həyata keçirilir. Təbii ki, muxtar respublikada məktəblilərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan sağlamlıq imkanları məhdud uşaqlar da kənarda qalmır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin sistemli xarakter almasına, inklüziv və məsafədən (distant) təhsil üçün əsaslı zəminin yaradılmasına, onların bilik və bacarıqlarından daha səmərəli istifadə olunmasına yeni imkanlar yaradır.
Naxçıvan şəhərində fəaliyyət göstərən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti bu baxımından mühüm əhəmiyyətə malikdir. Bu gün muxtar respublikada yaşayan əlilliyi olan şəxslərin informasiya texnologiyaları vasitəsilə sosial reablitasiyasını həyata keçirən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi müasir texnologiyalarla təchiz olunub və müəssisədə təyinatına uyğun bütün xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Sözügedən Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün müxtəlif təyinatlı bölmələr və hərtərəfli şərait mövcuddur. Eyni zamanda buradan hərəkət qabiliyyəti məhdud uşaqların təhsil alması üçün distant tədris mərkəzinin də fəaliyyəti də təmin olunur.
15 Sentyabr – Bilik Günü münasibətilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində də tədbir təşkil olunub. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Nicat Babayev yeni tədris ilinin başlanması münasibətilə müəssisəyə cəlb edilmiş müvafiq kateqoriyadan olan uşaqları təbrik edib, onlara yeni tədris mövsümündə uğurlar arzu edib. Nazir qeyd edib ki, muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqların təhsili və reabilitasiyası daim diqqət mərkəzində saxlanılır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan hərtərəfli şərait, yeni tədris ilinin əvvəlində sosial qayğıya ehtiyacı olan uşaqların məktəbli ge¬yi¬mi və ləvazimatları ilə təmin edilməsi sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara göstərilən hərtərfli dövlət qayğısının növbəti təzahüdür.
Daha sonra, tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbirin ardından Mərkəzdə yeni təhsil ilində müvafiq dərslərin tədrisinə başlanılıb.