Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan uşaqların yaradılan şəraitdən səmərəli istifadə etməsi, cəmiyyətə inteqrasiyası üçün əlverişli mühit yaradıb. Bu sahədə görülən işlər onların həyatın bütün sahələrinə tam şəkildə
inteqrasiya etməsinə, sağlamlıqlarının qorunmasına və təhsil imkanlarının artırılmasına əlverişli zəmin yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası pandemiya dövründə də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi il birlikdə müvafiq kateqoriyadan olan uşaqlar üçün distant tədris prosesi davam etdirilir, həmçinin reabilitasiya məqsədilə onlayn məşğələlər təşkil olunur. Qeyd edək ki, onlayn məşğələlər müəyyənləşdirilmiş qrafik üzrə Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinin mütəxxəsisləri tərəfindən aparılır. Onlayn məşğələlər həmçinin, Mərkəzin defektoloji bölməsinin Ordubad və Şərur rayonlarında yerləşən filialları tərəfindən də həyata keçirilir.
Əlavə edək ki, Mərkəzdə fəaliyyət göstərən “258” nömrəli telefon xətti də 24 saat ərzində görmə məhdudiyyəti olan şəxslər üçün audiokitabxana xidməti göstərir. Belə ki, dinləyicilər ev telefon nömrələrini qeydiyyatdan keçirdikdən sonra “258” nömrəli xidmət xəttinə zəng etməklə audiokitabları dinləyə bilərlər. Hazırda Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxanaların zənginləşdirilməsi istiqamətində də işlər davam etdirilir. Dünya və Azərbaycan ədəbiyyatının maraqlı nümunələrindən əlavə, Naxçıvan Dövlət Televiziyasının hazırladığı sənədli filmlər də səsləndirilərək müvafiq kataloqlara əlavə olunur.
Sonda onu da qeyd edək ki, muxtar respublikada görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbası ilə nəşr olunan “Könül işığı” və “Şəfəq” jurnalları da karantin rejimi ilə əlaqədar olaraq səyyar xidmət göstərilərək oxuculara evlərində təqdim olunur.