15 Sentyabr – bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud uşaqlar distant tədrisə cəlb edilib, autizm sindromlu uşaqlar üçün açıq dərs keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və məsafədən təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradıb.
Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Rabitə və Yeni Texnologiyalar Nazirliklərinin birgə təşkilatçılığı ilə yeni tədris ilində daha 3 sağlamlıq imkanları məhdud uşaq distant tədrisə cəlb edilib. Bu məqsədlə, onların yaşadığı mənzilə rabitə və internet xətləri çəkilib, müvafiq texniki avadanlıqlar quraşdırılıb. Bununla yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimləri ilə təmin olunub, onlara tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib.
Sağlamlıq imkanları məhdud uşaqların valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Bununla yanaşı,sağlamlıq imkanlara məhdud uşaqların informasiya texnologiyaları vasitəsilə sosial reablitasiyasını təmin edən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində ilk dəfə olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə autizm sindromlu uşaqlarla açıq dərs keçirilib. Müvafiq kateqoriyadan olan uşaqların valideynlərinin də iştirak etdiyi dərsin keçirilməsində əsas məqsəd, uşaqların ünsiyyət bacarıqlarının inkşaf etdirilməsi, mövcud istedad və bacarıqlarının üzə çıxarılması və cəmiyyətə inteqrasiyasından ibarətdir. Qeyd edək ki, dərs elektron lövhədən istifadə olunmaqla keçirilib və müəyyən edilmiş tədris proqramı əsasında, şagirdlərin bilik və bacarıqları yoxlanılıb.