Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən "2016-2020"-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın icrası istiqamətində işlər davam etdirilir. Bu məqsədlə, avqustun 22-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət Nazirliklərinin və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən Əcəmi seyrangahında sağlamlıq imkanları məhdud uşaqlar arasında "Naxçıvan-Tarixi Abidələr Diyarı" mövzusunda rəsm müsabiqəsi keçirilib.
Sosial könüllülərin də iştirak etdiyi müsabiqədə 12 sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Sonda qaliblərə diplomlar, digər iştirakçılara həvəsləndirici mükafatlar təqdim edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarını artırmaq və sosial reabilitasiyasına nail olmaqdır.