MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə, növbəti tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə 1 iyun –  Uşaqların Beynəlxalq Müdafiəsi Günündə baş tutub. Sosial könüllülərin də iştirak etdiyi tədbirdə ilk öncə sağlamlıq imkanları məhdud uşaqlar üçün rəqs nömrələri nümayiş olunub. Daha sonra uşaqlar Naxçıvan “Əyləncə Adası”nda olublar. Onlar əyləncəli atraksionlardan istifadə edib, yeni yaradılmış mini zoparkda saxlanılan heyvanlara tamaşa ediblər. Burada tədbir iştirakçıları üçün çay süfrəsi də təşkil olunub.

Sağlamlıq imkanları məhdud uşaqların valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.