MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər davam etdirilir. Müvafiq kateqoriyadan olan uşaqların istirahətlərinin və asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının artırılması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, mayın 23-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında asfalt üzərində rəsm müsabiqəsi keçirilib. Müsabiqə iştirakçıları asfalt üzərində təbaşirlə rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Sonda müsabiqənin qaliblərinə mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, sosial könüllülərin də iştirak etdiyi tədbir 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.