Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Sağlamlıq imkanları məhdud məktəbli uşaqların yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili məqsədilə ardıcıl tədbirlər davam etdirilir.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə avqustun 15-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların istedadlarını aşkara çıxarmaq, həmçinin onların yaradıcılıq imkanlarını genişləndirmək, intellektual biliklərini artırmaq məqsədilə “Yurdumuzu tanıyaq” adlı müsabiqə təşkil edilib. Müsabiqədə sağlamlıq imkanları məhdud 10 uşaq iştirak edib. Onlara 24 sual təqdim edilib.
Müsabiqənin qaliblərinə və digər iştirakçılarına diplomlar verilib.