Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Sağlamlıq imkanları məhdud məktəbli uşaqların yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçiriləcək tədbirlərin təsdiq edilmiş qrafiki əsasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Bu məqsədlə, növbəti tədbir iyulun 25-də baş tutub. Sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikanın görməli yerlərinə, habelə istehsal müəssisələrinə gəzintiləri təşkil olunub. Onlar öncə Duzdağ Fizioterapiya Mərkəzində olub,“Ləzzət” Biskvit və Şokolad Fabrikini gəziblər. Daha sonra uşaqların “Əyləncə adası” İstirahət Parkında istirahətləri təmin olunub və onlar üçün nahar süfrəsi təşkil olunub. Gəzintidə 15 sağlamlıq imkanları məhdud uşaq iştirak edib.