Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Sağlamlıq imkanları məhdud məktəbli uşaqların yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçiriləcək tədbirlərin təsdiq edilmiş qrafiki əsasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Bu məqsədlə, iyulun 18-də eşitmə qabiliyyəti məhdud uşaqların Naxçıvan Dövlət Rəsm Qalereyasına ekskursiyası təşkil olunub. Ekskursiya iştirakçılarına qalereyada olan rəsm əsərləri haqqında ətraflı məlumat verilib və qeyd olunub ki, Qalereyada muxtar respublikada fəaliyyət göstərən rəssamların, muxtar respublikada keçirilən rəsm festivallarında çəkilən və Naxçıvanın tarixi yerlərini özündə əsk etdirən rəsm əsərləri nümayiş olunur. Tədbirdə 10 nəfər sağlamlıq imkanları məhdud uşaq iştirak edib.