MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Poqramı”nın müəyyənləşdirdiyi vəzifələrin icrası uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində təşkil ediləcək gənclərin yay məktəbinin qrafikinə uyğun olaraq Ağbulaq İstirahət Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların “Yay məktəbi”nə start verilib.

Nəzərdə tutulmuş proqrama uyğun olaraq uşaqlar iyulun 3-də Naxçıvan şəhərindən Ağbulaq İstirahət Mərkəzinə yola düşüb və İstirahət Mərkəzi ilə tanış olublar. Məktəbin ilk günü uşaqlar arasında dama, növbəti gün boccia yarışları keçirilib, qaliblər mükafatlandırılıb. Həmçinin ilk iki gün ərzində oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi, bilik yarışmaları keçirilib, vətənpərvərlik mövzusunda filmlər nümayiş olunub. Bununla yanaşı, iyulun 4-də sağlamlıq imkanları məhdud şəxslərdən ibarət “İnam” musiqi qrupunun yay məktəbi iştirakçıları qarşısında konsert proqramı baş tutub və böyük rəğbətlə qarşılanıb. 

İyulun 6-dək davam edəcək yay məktəbində valideynlərin müşayəti ilə 39 nəfər sağlamlıq imkanları məhdud uşaq iştirak edir. Həmçinin, uşaqlar üçün istirahət mərkəzində 1 həkim və 4 nəzarətçi təhkim olunub.