MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

2 aprel – Ümumdünya Autizm Haqqında Məlumatlandırma Günü münasibətilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində autizm sindromlu uşaqların valideynləri ilə maarifləndirici görüş keçirilib.

Görüşdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Ramin Səfərov, Psixoloji dəstək xidmətinin müəllim-psixoloqu Minurə Əliyeva və Defektoloji bölmənin müəllim-defektoloqu Bəyim Qasımova valideynlərə bu kateqoriyadan olan uşaqlarla yaş qruplarına uyğun olaraq təlim-tərbiyənin təşkili, evdə davranış və ünsiyyətqurma bacarığının inkişaf etdirilməsi barədə danışıblar.

Qeyd olunub ki, hazırda muxtar respublikada autizm sindromlu 29 şəxs qeydiyyatdadır. Sağlamlıq imkanları məhdud şəxslərə, o cümlədən autizm sindromundan əziyyət çəkən insanlara göstərilən sosial xidmətlərin əhatə dairəsi ilbəil genişlənir, bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.