MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan uşaqların  asudə vaxtının səmərəli təşkili, o cümlədən əlamətdar və bayram günlərində uşaqların iştirakı ilə görüş və şənliklərinin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Yeni il şənliyi keçirilib. Bayram tədbirində Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə alan və Regional İnformasiya Mərkəzində tədrisə cəlb edilən sağlamlıq imkanları məhdud 30 uşaq iştirak edib.

Tədbirdə Estetik Tərbiyə Mərkəzinin rəqs qrupu mahnı və rəqslər, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tamaşalardan səhnələr ifa ediblər.

Şənlikdə iştirak edən Şaxta baba  Qar qız uşaqlarla rəqs edib, şən nəğmələr səsləndiriblər.

Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.    

Sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.