3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və rayon mərkəzlərində məhdud fiziki imkanlı şəxslərin iştirakı ilə tədbirlər keçirilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək muxtar respublikada bu kateqoriyadan olan şəxslərə göstərilən qayğıdan danışıb. Bildirib ki, onlara tibbi və sosial reabilitasiya xidmətləri göstərilir, müharibə əlilləri minik avtomobilləri ilə təmin olunur, onların mənzil-məişət şəraitləri yaxşılaşdırılır, bu qəbildən olan insanlara təqaüd və sosial müavinətlər ödənilir.
Qeyd edək ki, həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və rayon İcra hakimiyyətlərinin nümayəndələri çıxış edərək məhdud fiziki imkanlı şəxslərin sosial təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Tədbirlərdə, ümumilikdə, məhdud fiziki imkanlı 1000 şəxsə sovqat təqdim olunub. Görüşlərdə iştirak edə bilməyənlərə evlərində baş çəkilib, onlara sovqat verilib.
Məhdud fiziki imkanlı şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.