MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində “Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasında oyun terapiyasının əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə mərkəzin direktoru Ramin Səfərov açıb. Bildirib ki, bu gün muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən davamlı tədbirlər bu qəbildən olan uşaqlara dövlətimizin qayğısının ifadəsidir.

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Oynayaq öyrənək” metodik vəsaitinin mahiyyəti haqqında, mərkəzin müəllim-psixoloqu Minurə Əliyeva “Sağlamlıq imkanları məhdud uşaqlarda oyun terapiyasının psixoloji əhəmiyyəti”, mərkəzin müəllim-defektoloqu Bəyim Qasım­ova “Autizmli və daun sindromlu uşaqlarda oyun terapiyasının defektoloji əhəmiyyəti” mövzularında çıxış ediblər. Çıxışlarda bildirilib ki, Ali Məclis Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı” qəbul edilib. Ötən dövr ərzində proqramın uğurlu icrası sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, onların təhsilində müasir üsulların tətbiqinə stimul verib, müvafiq pedaqoji kadrların hazırlanmasına şərait yaradıb. Dövlət proqramına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsullar tətbiq edilir, bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə imkanları artırılır.

“Oynayaraq öyrənək” adlı metodik vəsait sağlamlıq imkanları məhdud uşaqların oyunlar vasitəsilə reabilitasiyasına nail olmasına köməklik edəcəkdir.
Sonra metodik vəsait uşaqlara təqdim edilib.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqların inkişafı üçün nəşr olunan “Oynayaraq öyrənək” kitabçası 100 tirajla buraxılıb.