Mayın 20-də “Nəqşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Əlillərin Bərpa Mərkəzinə xüsusi nəqliyyat vasitəsi və texniki reabilitasiya avadanlıqları təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılır. “Nəqşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Əlillərin Bərpa Mərkəzinə təqdim edilən xüsusi nəqliyyat vasitəsi və texniki reabilitasiya avadanlıqları da bu sahədə görülən işlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Seymur Talıbov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində davamlı olaraq sosial tədbirlər həyata keçirilir. “Nəqşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Əlillərin Bərpa Mərkəzinə təqdim olunan xüsusi nəqliyyat vasitəsi və texniki reabilitasiya avadanlıqları da dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq məqsədi daşıyır. İnanırıq ki, xüsusi nəqliyyat vasitəsi və texniki reabilitasiya avadanlıqları səmərəli istifadə olunmaqla mərkəzin fəaliyyətinə öz töhfəsini verəcəkdir.
Naxçıvan Əlillərin Bərpa Mərkəzinin baş həkimi Mətanət Səfərova göstərilən qayğıya görə minnətdarlıq edib.
Sonra məhdud fiziki imkanlı şəxslərin daşınmasını həyata keçirən avtonəqliyyat vasitəsi, xüsusi əlil arabası, ortopedik və havalı döşəklər, aşağı ətraflarda konturakturası olan reabilitasiya vasitəsi, velotrenajor, süni nəfəs aləti, portativ paralel qollar idman aləti və ilk tibbi yardım çantası mərkəzə təqdim olunub.