Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili bəndinin icrasına uyğun olaraq Naxçıvan Muxtar Respubliklası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti muzey gəzintisi təşkil olunub.
Mayın 19-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə distant dərslərə cəlb edilmiş eşitmə qabiliyyəti məhdud 10 uşaq Bakı şəhərindən dəvət olunmuş eşitmə qabiliyyəti məhdud şəxslərin tədrisi ilə məşğul olan Zərqələm İsmayılovanın müşayiəti ilə Naxçıvan Dövlət Tarix muzeyini ziyarət ediblər.
Uşaqlar muzeyin ekspozisiyasında sərgilənən, arxeoloji qazıntılar zamanı muxtar respublika ərazisində aşkar olunan müxtəlif əmək alətləri, paleolit və neolit dövrünün əşyaları, mis və gümüş pullar, orta əsrlərin məşhur memarı Əcəmi Naxçıvaniyə məxsus möhtəşəm memarlıq abidələri ilə bağlı materiallar, dekorativ tətbiqi sənət növləri olan xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri ilə tanış olublar. Muzeydə nümayiş etdirilən maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin milli geyimlər, bədii tikmələr, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri, Naxçıvan xanlığının, Naxçıvan Muxtar Respublikasının tarixini əks etdirən fotostendlər, ümummilli lider Heydər Əliyevə həsr olunmuş xüsusi güşə, müasir naxçıvanşünaslığın mühüm nailiyyətləri sayıla biləcək müxtəlif elmi-tədqiqat əsərləri uşaqlarda böyük maraq doğurub.
Uşaqlar müzeydən xoş ovqatla ayrılıblar.
Qeyd edək ki, Dövlət Proqramının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların muzey və tarixi-memarlıq abidələrinə ekskursiyaları davam edir.